Əsas məzmuna keç

Qoşma

Cənublu qardaşım Zülfüqar Abdullahiyə məktub

Zəlimxan Yaqub

2
Uca Tanrımın mənə verdiyi fürsət və möhlət sayəsində taleyim üzümə güldü. Yaşımın 60-cı ilini yaxaladığım bir vaxtda, tale mənə 1991-ci ildən sonra ikinci dəfə Təbriz görüşünü, Cənubi Azərbaycan ziyarətini nəsib elədi. Onda Təbrizdə bir ay qalmışdım, indi isə beş gün qala bildim. Bu beş gündə gördüklərim ömrümün sonuna qədər mənimlə yol yoldaşı, könül sirdaşı olub, həsrətli, vüsallı şeirlərə, acılı-şirinli nəğmələrə dönəcək. İki yüz illik ayrılığın heyfini canımdan çıxarmaq üçün nəfəsim ağzımdan, ruhum bədənimdən çıxana kimi Təbriz eşqinə qəmli bülbül, dərdli ozan, yaralı şair kimi ötəcəyəm. Dünyanın elə bir şəhəri yoxdur ki, onun şəninə, onun şərəfinə Təbrizə yazılan şeirlər, nəğmələr qədər əsər yazılmış olsun. Mən də Təbriz eşqinə ötən bülbüllərin, oxuyan ozanların, yazıb-yaradan şairlərin sırasındayam.

Bu da bizə bir lütfüdü Allahın, Gözəl keçdi səfərimiz, Zülfüqar. Sən Tehrandan, mən Bakıdan yetişdik, Təbriz oldu şəhərimiz, Zülfüqar.

Qurban olum Təbrizinə, Ərbinə, Ağıl çatmaz Ərbimizin dərkinə. Küləklərmi aldı bizi tərkinə, Ləngimədi kəhərimiz, Zülfüqar.

Tarix gördük qayasında, daşında, Qala olduq qalaların qaşında, Babək oldu hər söhbətin başında, Saf kişimiz, saf ərimiz, Zülfüqar.

Necə sığım, sığışdırım beş günə, Duyğularım dönüb selə, daşqına. Adı bəlli Alp ərənlər eşqinə Allah oldu sipərimiz, Zülfüqar.

Öz hökmü var hər ayın da, günün də, Qol bağladım Xətainin önündə. Ömrümüzün ən müqəddəs günündə, Şahdan gəldi bəşərimiz, Zülfüqar.

Dildə nəğmə, başda hava, gözdə yaş, Ziyarətim Xəstə Qasım, Tikmədaş. Şair gəldi, türbəsinə əydi baş, Yüngülləşdi kədərimiz, Zülfüqar.

Səttarxandı qətiyyətim, qeyrətim, Xiyabani təfəkkürüm, sərvətim. Min il keçsə tükənməzdi nemətim, Dad verəcək bəhərimiz, Zülfüqar.

Şair olan ilahidən səs dilər, O sədanı hər ucalan kəs dilər. Gül-çiçəklə qarşımızı kəsdilər, Cənnət oldu Əhərimiz, Zülfüqar.

Gəlib çatdı dost vədəsi, dost anı, Könüllərdə Şəhriyartək dost hanı. Əl-əl gəzdi Heydər baba dastanı, Ölümsüzdü əsərimiz, Zülfüqar.

Yerə-göyə, dağa-daşa qovuşduq, Arzumuza başdan-başa qovuşduq, İki qardaş Üç qardaşa qovuşduq, Səhənd oldu səngərimiz, Zülfüqar.

Dost gücünü ərəndə bil, ərdə bil, Üç gözəldi Təbriz, Əhər, Ərdəbil. Hər görüşdə dağ çəkmişəm dərdə, bil, Sevinc olub nəmərimiz, Zülfüqar.

Çiyinlərdən həsrət adlı yük enməz, Əl tutmasaq o həsrətlər tək enməz. Elin səsi, xalqın gücü tükənməz, Birlik olsun səmərimiz, Zülfüqar.

Sevilənlər sadalandı, seçildi, Gözümüzdən haqqın nuru saçıldı. Heç bilmədik səhər nə vaxt açıldı, Hardan gəldi səhərimiz, Zülfüqar.

Həvəsimiz həvəs idi o gecə, Hamı isti nəfəs idi o gecə, Bir orduya əvəz idi o gecə, Bizim bircə nəfərimiz, Zülfüqar.

Sevən güldü, sevilən ləl, yar inci, Tapa bilsən, hər söhbətdə var inci. Oxunanda “Kərəm köçdü”, zarıncı, Boğdu bizi qəhərimiz, Zülfüqar.

Sınıq körpü bəzən sınan belimiz, Xudafərin kökdən düşən telimiz, Qanlı Araz gözdən axan selimiz, Belə gəldi qədərimiz, Zülfüqar.

Sevinəcək əcdadımız, cəddimiz, Savalantək düzələcək qəddimiz. Dağılacaq hasarımız, səddimiz, Söküləcək çəpərimiz, Zülfüqar.

Kəleybəri ürəyimə köçürdüm, Bastamlını varlığımdan keçirdim. Görən, Allah, nəyi gözdən qaçırdım, Harda oldu xətərimiz, Zülfüqar.

Gözlər güldü, yoxa çıxdı xəzanlar, Aynalıda dil-dil ötdü ozanlar. Şair oldu yazmayanlar, yazanlar, Varaqlandı dəftərimiz, Zülfüqar.

Unudulmur heyrət anı, sehr anı, Səsim tutdu dağı, düzü, səhranı. Sorağımız silkələdi Tehranı, Dostdan gəldi xəbərimiz, Zülfüqar.

Qəlbə uçmuş saray deyib ağlama, Haray çəkib, haray deyib ağlama, O tay deyib, bu tay deyib ağlama, Qarşıdadı zəfərimiz, Zülfüqar.

Zəfər bizə ruhdan, qandan gələcək, Ulu addan, uca şandan gələcək. Neçə-neçə Zəlimxandan gələcək, Hünərimiz, təpərimiz, Zülfüqar, Qarşıdadı zəfərimiz, Zülfüqar.

2009

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.