Əsas məzmuna keç

Heca şeiri

Cenevrə düşüncələri

Zəlimxan Yaqub

1

Təbiət ruhumda ilahi bir sirr, Sayrışır gözümdə al, yaşıl, sarı. İnsanı heç zaman doydura bilmir, Tanrının ilhamla yaratdıqları.

Nə fırça işidir, nə dəftər, qələm, Ovcuna düşmüşəm, sehirlənmişəm. İkinci addımı ata bilmirəm, Elə bil yerimdə möhürlənmişəm.

Nə varsa hər şeyi yaradıb Allah, Şair nə yaratsın, rəssam nə çəksin? Rəssamın gücü var, gözünə yığsın, Şairin gücü var, qəlbinə çəksin.

Bu geniş dünyada gözəl yer nə çox, Hər şeyi yoğurub, yapıb Yaradan. Özünü dünyanın heç yerində yox, Sanki bu torpaqda tapıb Yaradan.

Tanrımın nə yaxşı vaxtına düşüb, Nə gözəl yaradıb bu şah əsəri. Gəlib bu yerlərin baxtına düşüb, Allahlıq eyləyən Allah əsəri.

Hər bir zərrəsinə zərrəbinlə bax, Zərrəcə hüsnündə tapılmaz ləkə. Yerlər gül dənizi, göylər çilçıraq, Heyrət, ey gözəllik, ey qədim ölkə.

İlhamdı, havadı, nəğmədi, səsdi, Şeirdi mənim də sərvətim, varım. Bir şair ömrünə ölüncə bəsdi, Qəlbimdə Bakıya apardıqlarım.

2004, 30 sentyabr Cenevrə

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.