Cavid Əfəndi
Bu nə şadlıq, bu nə bayram, bu nə görüş, bu nə həsrət, Görüşümüz uzun çəkdi, gec oldu, Cavid Əfəndi! Dillər yandı, tellər susdu, güllər soldu, bellər sındı, Ayrılığın bu millətə güc oldu, Cavid Əfəndi!
Nə təhqirdən, nə zəncirdən, nə kəndirdən aman yoxdur, Allahsızda Allah yoxdu, inamsızda iman yoxdu. Kim getdisə, dedilər ki, qayıtmağa güman yoxdu, Gör nə qədər günah oldu, suç oldu, Cavid Əfəndi!
Qələm qırdı, barmaq kəsdi, bilək sıxdı, qol bağladı, Haqq deyənin qarşısında qəhər çəkdi, yol bağladı. Qan üstündə bir taxt qurdu, zülmə, zora bel bağladı, Səni yıxan imperiya heç oldu, Cavid Əfəndi!
Sənət üçün qorxu deyil buz baxışlar, buz nəfəslər, Sənət üçün qorxu deyil qanlı əllər, dar qəfəslər. Hardan bilsin, nədən bilsin ağlı topal olan kəslər, “Topal Teymur” səhnəmizdə tac oldu, Cavid Əfəndi!
Yandı ürək, coşdu könül, düşündü baş, yaratdı əl, Qalx məzardan, Cavid adlı heykəllərin seyrinə gəl. Nurun Günəş, qəlbin atəş, gözün ocaq, sözün məşəl, Bostanına yağan daşlar necoldu, Cavid Əfəndi!
İnam səndə, şərəf səndə, dözüm səndə, səbir səndə, Sən qürbətdə, sən Sibirdə, qürbət səndə, Sibir səndə. Qırx illik bir yoldan gəldi, quşa döndü qəbir səndə, Maqadandan Naxçıvana köç oldu, Cavid Əfəndi!
Nə yandıran, nə dağıdan, nə də ki, uçuran qaldı, Yaddaşlarda yaşa döndü, yazan aldı, quran qaldı. Bir nəsildən sağ-salamat ancaq bircə Turan1 qaldı, Neçə-neçə xoş arzular puç oldu, Cavid Əfəndi!
Qarşıda qarlı aşırım, arxada uçurum, dərə, Tutdu böhtan yağışına, atdı oda, satdı şərə. “İblis”ə min lənət deyib, üz tutsan da peyğəmbərə, Fələk sənlə zaman-zaman öc oldu, Cavid Əfəndi!
Ulu qüdrət olan yerdə yoxdu yeri dərd-azarın, İşığına yığışmışıq bir türbədə üç məzarın. Sən Allahın dostusanmış, son nəfəsin, son güzarın, Vətən adlı Məkkə oldu, Hac oldu, Cavid Əfəndi!
Çaxnaşmalar caynağında neçə qış getdi, yaz gəldi, İliyini şaxta vurdu, sümüyünə ayaz gəldi. Ərtoğrulun harayına Cavidlə Müşkinaz gəldi, Bu yerdə bir məzar vardı, üç oldu, Cavid Əfəndi!
1 Turan – Cavid Əfəndinin qızı