Əsas məzmuna keç

Heca şeiri

Cavad heyət körpüsü

Zəlimxan Yaqub

1
Martın 18-də Ankaranın Qazi Universitetində mənim yaradıcılıq gecəm keçirilirdi. Böyük ziyalımız Cavad Heyət bu xəbəri eşidib öz ömür-gün yoldaşıyla məclisimizə təşrif gətirmişdi. Hörmətli ağsaqqalımızın burada olması ürəyimi dağa döndərdi. Haqqımda gözəl çıxış elədi, ürək sözlərini söylədi. Bu mənzərənin əks-sədası aşağıdakı sətirlərim oldu.

Bir körpü var o tay, bu tay arasında, Ağrı-əzab, görüş-həsrət körpüsüdür. Nə uçandı, nə sökülən, nə dağılan, Həmi heyrət, həmi qeyrət körpüsüdür.

Bakı-Təbriz cüt qanadı, sağı-solu, Son hədəfi Altay ilə Anadolu. Haqqın ruhu, Haqqın səsi, Haqqın yolu, Halal sevgi, haqq-ədalət körpüsüdür.

Yoxa çıxdı lallığımız, karlığımız, Varlığıyla dilə gəldi varlığımız. Nəfəsiylə genişləndi darlığımız, Zəfər günü bir səltənət körpüsüdür.

Saçlarından dırnağına Türk oğlu Türk, Arzuları Göyçə, Dərbənd, Mosul, Kərkük. Çiynindəki bir daşınmaz dağ boyda yük, İlqar, iman, dözüm, zəhmət körpüsüdür.

Həsrət adlı buzdan-qardan keçib gedir, Min sınaqdan, min bir dardan keçib gedir. Şəhriyardan, Bəxtiyardan keçib gedir, Elmi-ürfan, şeir-sənət körpüsüdür.

Ruhumuzun sazı, neyi, udu keçdi, Göz yaşları daşlarımı yudu keçdi. O körpüdən Şahmar keçdi, Xudu keçdi, Həmi zəhmət, həm mərhəmət körpüsüdür.

Duyğuları naxışlıdı, cilalıdı, Var olmağı yerin-göyün cəlalıdı. El sevgisi nə qazanıb, halalıdı, Yaratdığı ulu millət körpüsüdür.

Yaralara məlhəm qoyan cərrahımız, Döyüş günü səngərimiz, silahımız. Onu bizə çox görməsin Allahımız, Tarix üçün qədir-qiymət körpüsüdür, Uca duyğu, saf məhəbbət körpüsüdür. Ey oxucum, nə dağa düş, nə arana, Bax, bu körpü Cavad Heyət körpüsüdür.

2005, 3 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.