Can üstündə
Gördüm bir əl uzandı zülmətdən mənə doğru, Qapımı döydülər ki, ömrün başa yetişdi.
Neçə dəfə can atdım ölümü öldürməyə, Fürsət Əzrayıl adlı ağlı çaşa yetişdi.
Aşından çox yemişəm daşını bu dünyanın, Ağzım aşa yetəndə başım daşa yetişdi.
Yüzdən o tərəfi çox qalmağın şərəfi yox, Nə olsun insan ömrü neçə yaşa yetişdi.
Çoxunun ürəyindən ölməzlik gəldi-keçdi, Ona nə xan qovuşdu, nə də paşa yetişdi!!!
2004, 26 oktyabr