Əsas məzmuna keç

Qoşma

Can içində

Məxdumqulu Fəraqi

1

İmanım ərkanıdır Bu gözəl can içində. Namərdlər dövranıdır Axmaq sultan içində.

İqbal atın sürmədim, Əcəb zaman yürmədim, Leyli deyər görmədim Sən tək Məcnun içində.

Ürəyim oda dağlı, İzim gördüm soraqlı, Günəşim xuna bağlı, Ciyərim qan içində.

Deyər kabab ol nara: -Qoydun sən çox azara. Dəhan içrə avara Ağlar dəndan içində.

Daşlar deyər: «Qəllacam», Kəmər deyər: «Mən acam», Dağ deyər: «Naəlacam, Başım duman içində».

Heyvan içrə ümmətəm, Nə əcaib surətəm, Bədəv deyər: «Qiymətim Vardır köhlən içində».

Balıq deyər: «Üzərəm, Dəştdən əlim üzərəm, Mən ərkana gəzərəm, Ulu ümman içində».

Gül deyər: «Boyanmışam, Bülbüldən utanmışam,

İndi, neylim, solmuşam, Qışda xəzan içində».

Bülbül deyər: «Can-tənim, Bağ içində hər günüm, Meyxanadır məskənim, Ötüb reyhan içində».

Bars deyər: «Tövbə qıldım, Təbana həmrah oldum, Daim bəndi mən qaldım, Mahi-təban içində».

Mey deyər: «Mən içildim», Çiçək deyər: «Açıldım», Ənbər deyər: «Saçıldım, Baği-bostan içində».

Kəlam deyər: «Sözlərim, Yüzləşibdir yüzlərim». Deyər gördüm: «Gözlərim Yari-canan içində».

Mal deyər: «Mən iqbalam», Röya deyər: «Əhvalam», Göftar deyər: «Mən balam, Şirin zəban içində».

Namərd söyləyər: «Aman», Deyər mərd: «Vergil düşman», Söyləyər şirin zəban: «Yerim dəhan içində».

Aşiq deyər: «Pərvanam», Eşq söyləyər: «Suzanam», Məxdumqulu, heyranam, Fani cahan içində.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.