Əsas məzmuna keç

Qoşma

Can eylədi

Məxdumqulu Fəraqi

1

Ey yaranlar, eşqə düşdüm, ürəyim qan eylədi, Gündə yüz vəxt can alıb, hər gündə yüz can eylədi, Taci-təxti-bəxtimi, mülkümü viran eylədi, Mərdləri pünhan qılıb, namərdə dövran eylədi, Ayırıb qardaş, atadan, könlümdə ərman eylədi.

Dillərim lal oldu mənim, əl ilə söz olaram, Kar oldular guşlərim, düşməyin, zar qalaram, Gəldi firqət at salıb, açılmaz gül, solaram, Gündə yüz min yalvarıb, qaşa taət qılaram, İki didəm zari-giryan, seli-rəvan eylədi.

Hər kəs görüb halım mənim, zari-giryan ağlayır, Hər gecələr «hu» çəkərəm, mahi-taban ağlayır, Dərdimə bir çarə tapmaz, gəlib Loğman ağlayır, Mali-mülküm oldu viran, gör, Süleyman ağlayır, Yeni başdan qəhbə fələk dünyanı zindan eylədi.

Görsə bu zəbun halımı badi-səba dan-səhər Əsməyir ol fani-cahan işinə qılıb qəhər, Fəslimiz qış içrə qaldı, yad olubdur ol bahar, Geyimimdir kəfən mənim, yediyim oldu zəhər, Şad olubdur ol fələk, hər gündə seyran eylədi.

Duzəx görüb bu narım, behişt olubdur ol zaman, Yaxşılar yerinə yiyə olub qalandır yaman, Həmra olub gedən ellər varisidir, bil, ərman, Bu nə lənət yeridir, bəs, nə külfət oldu zaman, Qaib olan ol ərənlər özün qurban eylədi.

Dövrə-başım sel alıbdır, qalmışam yalnız mənəm, Pədərim Azadi ötdü, qalmadı Kəbəm - anam. Mat olubdur, oxumaz, bağ içrə yesirdir sənəm, İbrahim tək nar içrə mərdi-mərdan sərmənəm, Bizləri oda atıb, gör, narı reyhan eylədi.

Məxdumqulu, bu sözümü elə aşkar qılsanız, Bir nəsihət verərəm mən, gər ki qulaq salsanız, Budur nəsihətim mənim, fikr eyləyib alsanız, Qılmayın bu sırri aşkar, bizə həmra olsanız, Ol Süleyman taxta çıxıb, bunu fərman eylədi.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.