Can deyir, can eşidir
Ruhumun təbiətlə yaman tutur söhbəti, Hara uçub qonursa, can deyib, can eşidir. Səsi eşidilməyən qarışqa səsini də Ürəkdə tellər duyur, damarda qan eşidir.
Bu böcək, bu kəpənək, bu qarışqa, bu arı, Kövrək duyğularımın yaxın sirdaşı, yarı. Gecələr dodağımda gəzən pıçıltıları Qaranlıq əzbər bilir, sökülən dan eşidir.
Azaldır ağrısını qovğalar çəkən başın, Təbiətdi məlhəmi ağlın, huşun, yaddaşın. Ruhum hopur canına dağın, qayanın, daşın, Bir Zəlimxan can deyir,
min Zəlimxan eşidir. 2004, 11 oktyabr