Əsas məzmuna keç

Qoşma

“Can” desin

Aşıq Ələsgər

1

Yaradan yaradıb külli-aləmi, Arif olan bu fərmana "can" desin. Yeddi yer, yeddi göy, yeddi də damu, Səkkiz cənnəti-rizvana "can" desin.

On iki ay qərar qoyub - bir ildi, Altısı mütəssil, həm mötədildi, Üçü bəddi, həmrah olmaq müşküldü, Qəsd eylər qovğaya, qana "can" desin.

Novruzda bahara deyərlər "bəli", Gah kamala yetər, gah olar dəli, Gün vuranda güneylərdən sel gəli, Qüzey istər zimistana "can" desin.

Yazın bir ayında xoş keçsə illər, Zoğ edib rişədən açılar güllər, Qışın zəhmətini çəkən bülbüllər, Şeyda olsun, gülüstana "can" desin.

Kükrər dağlar bir-birindən deyini, Seçmək olmaz gədasını, bəyini, Pərvərdində səbzə libas geyini, Göydən yağan ab-neysana "can" desin.

Aranda olanlar meyl eylər dağa, İsti vurar, bürkü dollar otağa, Bəzənib gözəllər, çıxar yaylağa, Mənzilgahlar ol mehmana "can" desin.

Yaylaq müntəzirdi, yolların gözlər, Boyun əyər bənövşələr, nərgizlər, Çeşməyə yetəndə gəlinlər, qızlar, Göllərdə çalxanan sona "can" desin.

Olar gözəllərin əhdi-peymanı, Alaçıq qurulcaq kəsər qurbanı. Ələsgər şəninə desin dastanı, Fəxr eləsin, doğan ana, “can” desin.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.