Əsas məzmuna keç

Qəsidə

Cahanı eylədi feyzi-bəhar rəşki-cinan

Məhəmməd Füzuli

1

Cahanı eylədi feyzi-bəhar rəşki-cinan, Buraxdı fərşi-lətafət zəminə lütfi-zəman.

Həva sünufi-rəyahinə verdi ziybi-zühur, Tərazi-Hilleyi xak oldu hülyeyi-əlvan.

Diküb şükufəvü qönçə çəməndə çətrü otaq, Məqami-bəzmi-sürur oldu ərseyi-bustan.

Degil əlaməti-fəsli-rəbi’ qövsi-qüzeh, Ədayi-xidmət içün bağladı sipehr miyan.

Mükəmməl olmağa əsbabi-eyş bitənqiz, Müyəssər olmağa alati-bəzm binöqsan,

Səhabü seyl ilə irsal oldundu gülzarə Qamu zəxireyi-bəhrü qamu dəfineyi-kan.

Təmamiyi-bərəkatın zəmin qılıb məbzul, Cəmi’i-lütfi-nihanın zəmanə qıldı əyan.

Büsati-səbzəyə gülbün yaşıl sərir tiküb, Yaxıb çiraqlərin hər tərəf güli-xəndan,

Yığıldı nəstərənü susənü gülü lalə, Dərildi nərgisü nəsrinü sünbülü reyhan.

Nəfiri-seylə həmavaz olub nəqareyi-rə’d, Qılub misari-müqərrər cəvahirin baran,

Çəməndə eylədilər tifli-qönçəyi sünnət, Saçıldı gülşənə gül-gül cərahətindən qan.

Yetirdi öylə səfa dövri-ruzigarə bu sur Ki, suri-xütneyi-nəqdi-yeganeyi-dövran,

Güli-bəhari-əmarət, cənabi-Cə’fər bəg Ki, tövqi-rə’yinədir çərx bəndeyi-fərman.

Nizami-səltənətü mülkə əşrəfi-əsbab, Binayi-millətü islamə ə’zəmi-ərkan.

Bəhari-rif’ətü iqbalə əltəfi-əzhar, Nihali-şövkətü iclalə ə’dəli-əqsan.

Sipehrmənziləta, sənsən ol məkani-həya Ki, yox sifatinə həddi-əhateyi-imkan.

Mübarək ola bu surü süruri-bəzmi-huzur Kim, oldu cümleyi-xəlqi-cəhanə feyzrəsan.

Nişatü eyşinin övsafi tutdu afaqi, Səfafü zövqünün avazəsiylə doldu cəhan.

Sipehr qıldı bu bəzmi-nişatə bəzli-səfa, Məlaik oldu bu surü sürurə fatihəxan

Ki, əsli qaideyi-hifzi-şər’dir bu əməl, Budur müqəddəmi-əsnafi-taəti-Rəhman.

Şəha, Füzuliyi-zarəm ki, dövri-ədlində Büqai-əmnü əmandır mənə məqamü məkan.

Nisari-bəzmin içün gər bulursa hüsni-qəbul, Gətirmişəm göhəri-e’tiqadü cövhəri-can.

Ümid var ki, olduqca ruzigarə vücud, Müyəssər ola sənə irtifai-şövkətü şan.

* * *

Lüğət: Rəşki – cinan – cənnətdən gözəl; Cinan – cənnət; Xak – torpaq; Sipehr – göy, səma; Miyan – bel; orta; Əsbabi – müstəar – müvəqqəti ləvazimat; Seyl – sel; İrsal – göndərmək; Bəhr – dəniz; əruz vəznində şeir ölçüsü; Kan – mədən yeri; Zəmin – asiman – yer-göy; Gülbün – gül budağı; Sərir – taxt; qıcırtı, qamış qələmin yazı zamanı çıxardığı səs; Güli – rə’na – qırmızı rəna çiçəyi; Xəndan – gülən; açılmış; Nəstərən – ağ gül; Nəfir – kəranay; fəryad, nalə; Müqərrər – qərara alınmış; Baran – yağış; Sur – toy; şənlik, qonaqlıq; şeypur; şəhər qalası divarı; Əşrəf – çox şərəfli; Əzhar – çiçəklər; Nihali – növrəsi-gülzari-eşq – eşq bağcasının yeniyetmə fidanı; Eyşi – əbədi – əbədi işrət; Övsafi – lətafət – gözəlliyin tərifi P; Afaq – üfüqlər; Bəzl – bağışlamaq; Əməl – arzu; iş; Müqəddəm – irəlicədən, əvvəlcədən; Hüsni – göftar – söz gözəlliyi X; Can – ruh, bədən; İrtifa – ucalmaq

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.