Əsas məzmuna keç

Qoşma

Burda

Zəlimxan Yaqub

2

Gəldim Qarabağa bahar çağında, Öpdüm, əzizlədim torpağı burda. Hayana baxdımsa nəğməli gördüm, Hər otu, ağacı, yarpağı burda.

Hansı obasına düşdüsə yönüm, Çiçək sərgisiylə bəzəndi yönüm. Nənələr deyəndə “başına dönüm”, Alışdı ömrümün çırağı burda.

Səsini zamanın səsinə qatıb, Hər sözü ellərin qəlbinə yatıb. Vaqiflər yandırıb, Zakirlər çatıb, Sönərmi sənətin ocağı burda.

Könlü min arzuda, min həvəsdədi, Kimi zildən gedir, kimi pəsdədi. Şirin nəfəsdədi, qaynar səsdədi, Axtarmaq nə lazım bulağı burda.

Yüz dərdə dərmandı bir çiçək ətri, Duydum hər qarışda duz-çörək ətri. Ağsaqqal nəfəsi, ağbirçək ətri, Şairə döndərdi qonağı burda.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.