Buluda apardı məni
Eşq ürəyimdə qaynar, yandırdı dərdi məni, Tütünüm badə verib, əbrə apardı məni, Fələk biləyim sıxıb, çarxına sardı məni, Xiridar gözü birlə kim gəlib gördü məni, Hicran yağmuru yağıb, qəm selə verdi məni.
Qəm seli birlə gedib, eşq ölkəsinə varıb, Xəyalım fikrə dolub, ağlımı yel aparıb, Ol heyrət meydanında mən qərib qaldım arif, Eşq xəncərin çəkibən, hicran ürəyim yarıb, Aləmə dastan edib, aftaba sərdi məni.
Nə cəsəd içrə can var, nə qüvvət qaldı təndə, Həm sərgəştə, həm heyran, bu işə qaldım bəndə, Nə xəstəyəm, nə bimar, nə mürdəyəm, nə zində, Qəm hücum edib göydən, zəmin sarı enəndə, Fələk əlimdən tutub, həvalə verdi məni.
Bir əhvala tuş oldum, qəm hücm etdi, öldürdü , Bu işin səriştəsin eşq oxudub bildirdi, Vüsala rəhmi gəlib, əlim tutub qaldırdı, Camal bir cilvə verdi, içim şövqə doldurdu, Sözləməyim, neyləyim, yaranlar, yardı məni.
Məxdumqulu, bəyliyim yar camalı qul etdi, Vüsal ümidin verib, min dilli bülbül etdi, Ayrılıq oda saldı, fəraq durdu, yel etdi, Eşq çəkdi zəbanəsin, yaxıb-yıxıb kül etdi, Hicran − fəraqçı alıb, yelə sovurdu məni.