Əsas məzmuna keç

Qoşma

Bu xalqın

Zəlimxan Yaqub

2

Oymaq-oymaq eli gəzdim, dolandım, Fikir verdim xislətinə bu xalqın. Yatardımı əl qələmə, dil sözə, Vurulmasam söhbətinə bu xalqın.

Oylağımdı qarlı dağlar, binələr, Sərvətimdi söhbət dolu sinələr. Eşqi dastan, özü nağıl nənələr, Nur yağdırıb ismətinə bu xalqın.

Gərək hər gün əzizlənə, qoruna, Baş əyəsən ocağına, qoruna, Qurban olum babaların goruna, Naxış vurub şöhrətinə bu xalqın.

Dədələşib Salur Qazan oğullar, Tüp dağıdan, Halay pozan oğullar. Al qanıyla tarix yazan oğullar, Heykəl qoyub qeyrətinə bu xalqın.

Sevdiyinə əyri baxmaz dünyada, Verdiyini başa qaxmaz dünyada. Otum bitib, suyum axmaz dünyada, Düçar olsam nifrətinə bu xalqın.

Qanad açıb səmalara uçan da, Şöhrət tapıb zirvələri qucan da. Günəş olub yerə işıq saçan da, Arxalanıb zəhmətinə bu xalqın.

Zirvə qardı, yüksəklərdə qara bax, Göl güzgüdü, saçlarını dara, bax. Nərmə-nazik bayatılı Qarabağ, Bir misaldı cənnətinə bu xalqın.

Min nemətlə dolar qoynu, qucağı, Qonaqlı ev heç söndürməz ocağı. Hər kim olsa bu yerlərin qonağı, Səcdə qılar adətinə bu xalqın.

İlhamıdı coşqun çaylar, dənizlər, Saflığıdı müqəddəslər, təmizlər. El sevəni aləm sevər, əzizlər, Zaval yoxdu qiymətinə bu xalqın.

Yaxşını da, yamanı da tez görür, Gördüyünü düz tanıyır, düz görür. Ağıl kəsir, könül duyur, göz görür. Sözmü çatar hikmətinə bu xalqın.

Ağrımayan ürək ola, baş ola, Can sirdaşım torpaq ola, daş ola. Arzuların sayı qədər yaş ola, Ömür verəm xidmətinə bu xalqın.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.