Bu xalqın
Oymaq-oymaq eli gəzdim-dolandım, Fikir verdim hikmətinə bu xalqın. Yatardımı əl qələmə, dil sözə, Vurulmasam söhbətinə bu xalqın.
Oylağımdı qarlı dağlar, binələr, Sərvətimdi söhbət dolu sinələr. Eşqi dastan, özü nağıl nənələr Nur yağdırıb ismətinə bu xalqın.
Gərək hər gün əzizlənə, qoruna, Baş əyəsən ocağına, qoruna. Qurban olum babaların goruna, Naxış vurub şöhrətinə bu xalqın.
Sevdiyinə əyri baxmaz dünyada, Verdiyini başa qaxmaz dünyada. Otum bitib, suyum axmaz dünyada, Düçar olsam nifrətinə bu xalqın.
Dədələşib Salur Qazan oğullar, Tüpdağıdan, Halaypozan oğullar. Al-qanıyla tarix yazan oğullar Heykəl qoyub qeyrətinə bu xalqın.
Zirvə qardı, yüksəklərdə qara bax! Göl güzgüdü, saçlarını dara, bax. “Nərmə-nazik bayatı”lı Qarabağ Bir misaldı cənnətinə bu xalqın!
Tavar sazı gəl bağrına yaxşı bas, O tellərdə həmi toy var, həm də yas. Ya “Cəngi”yə, ya “Misri”yə qulaq as, Könül bağla sənətinə bu xalqın.
Yaxşını da, yamanı da tez görür, Gördüyünü düz tanıyır, düz görür. Ağıl kəsir, könül duyur, göz görür, Sözmü çatar qüdrətinə bu xalqın.
Ağrımayan ürək ola, baş ola, Can sirdaşım torpaq ola, daş ola, Arzuların sayı qədər yaş ola, Ömür verəm xidmətinə bu xalqın.