Əsas məzmuna keç

Heca şeiri

Bu xalqı ölçüdən eyləmə, Allah

Zəlimxan Yaqub

1

Mən getdiyim elin ölçüləri çox, Mən dərdiyim gülün gülçüləri çox. Mən vardığım yolun yolçuları çox, Gördüyüm şəhərin, gəldiyim kəndin, Nizamı, qaydası, ölçüləri çox.

Daha da süzülsün süzgün qaşları, Qızların sevincdən axsın yaşları. Hər gün çiçəkləsin elçi daşları, Bu eli elçidən eyləmə, Allah.

Saçın qarası da, ağı da gülsün, Bağbanı da gülsün, bağı da gülsün. Güllərin kökü də, tağı da gülsün, Bu gülü gülçüdən eyləmə, Allah.

Bəzirgan da keçsin, xoca da keçsin, Uşaq da, cavan da, qoca da keçsin. Peyğəmbər yerisin nur səpə-səpə, Eşqi fələklərdən uca da keçsin, Bu yolu yolçudan eyləmə, Allah.

Ölçüdü, nizamdı bu dağ, düz, dərə, Ölçüsüz dağ yoxdu, ölçüsüz dərə. Özün ölçü götür ölçüsüzlərə, Bu xalqı ölçüdən eyləmə, Allah.

2000, 21 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.