Əsas məzmuna keç

Heca şeiri

Bu Vətən bizim

Zəlimxan Yaqub

1

Qara buludların yaxasını cır, Qəfıl şimşəklərin inadını qır. Yer kimi silkələn, göy kimi hayqır, Durma, vətən oğlu, səngərlərdən aş, Savaş istəyirəm, dəli bir savaş!

Analar ağrıda, bacılar yasda, Qaragün talelər qara libasda. İgidim mürgüdə, qılıncım pasda, İllərdi qurumur gözümdəki yaş, Savaş istəyirəm, dəli bir savaş!

Durub dayanmağın sırası deyil, Yadlar halımızı sorası deyil. Çıxan qan damarda durası deyil, Qonşudan atılıb bostanıma daş, Savaş istəyirəm, dəli bir savaş!

Könül də, baxış da, ürək də, can da, Savaş deməlidi bu çətin anda. Millətin damarda qanı coşanda, “Baxaq”lar, “görək”lər olmayaydı kaş, Savaş istəyirəm, dəli bir savaş!

Tarix on üç yaşlı möcüzə görüb, Bizi tufanlarla üz-üzə görüb, Bizi ölümlərlə göz-gözə görüb, Hanı Şah İsmayıl, hanı qızılbaş, Savaş istəyirəm, dəli bir savaş!

Can bizim, baş bizim, ruh-bədən bizim, Gül bizim, çöl bizim, göy çəmən bizim. Yer bizim, göy bizim, bu Vətən bizim, Millətin yolunda qurbandır bu baş, Savaş istəyirəm, dəli bir savaş!

2001, 12 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.