Əsas məzmuna keç

Qoşma

Bu torpaq

Zəlimxan Yaqub

2

Adına dedilər odlar torpağı, Saldı şöhrətini dilə bu torpaq. Qorqud qopuz kimi köklədi, çaldı, Çəkdi nəğməsini zilə bu torpaq.

Yurdam, el-obayam, evəm-eşiyəm, Çalınan laylayam, isti beşiyəm. Borana düşsəm də qoymaz üşüyəm, Oldu Kərəmlərə Lələ bu torpaq.

Nə oğlu acizdi, nə qızı fağır, Üzündən gözündən dəyanət yağır. Göylərdən genişdi, dağlardan ağır, Olmaz kürəklərdə şələ bu torpaq.

Koroğlu şöhrətli barata dönər, Araz bir qılınca, Kür ata dönər. Yad gəlsə Qırata, Dürata dönər, Verməz cilovunu ələ bu torpaq.

Göstərər düşmənə olmaz oyunu, Dosta ana kimi açar qoynunu. Dünya dağılsa da, əyməz boynunu “Səksən min kotanlı kələ” bu torpaq.

Gah yaşılı geyər, gah da sarını, Bitirər, yetirər bağça-barını. Qəlbinin ən həzin duyğularını, Döndərər çiçəyə, gülə bu torpaq.

Barlı budaqları üzümdən öpər, Gözümə nur verər, könlümə təpər, Ayağım şumlayar, əllərim səpər, Çevrilər qızıla, lələ bu torpaq.

Qarğa dərəsində, qartal dağında, Qanqal səhrasında, çiçək bağında, Pisə də yer verər öz qucağında, Salmaz namusunu çölə bu torpaq.

Qoynunda nənələr, babalar yatıb, Ömrünü torpağın ömrünə qatıb. Qəlbimdə müqəddəs bir ocaq çatıb, Döndərməz eşqimi külə bu torpaq!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.