Bu sevinci alma mənim əlimdən
Düz addımla doğru yolu, gəncliyim, Geri durma, yağsa dolu, gəncliyim. Uzun yaşa, dəli-dolu gəncliyim, Dil nəğməli, dodaq sözlü, ürək şən, Bu sevinci alma mənim əlimdən!
Qarlı zirvə şöhrətimdi, tacımdı, Dağ qardaşım, yaşıl yaylaq bacımdı. Könlüm yenə yüksəklərdən bac umdu, Çökən duman, enən bulud, gələn çən, Bu sevinci alma mənim əlimdən!
Qoy bəzənsin Bakım, Gəncəm, Borçalım, Eşqi ilə saz götürüm, tar çalım. Yazmaq üçün bir ömür də borc alım, Yavaş-yavaş saçlarıma düşən dən, Bu sevinci alma mənim əlimdən!
Bu dünyada söhbətim var, dəmim var, Bu dəryada ömür adlı gəmim var. Bu torpaqda biçilməmiş zəmim var, Vaxtsız əcəl, yetişməmiş hələ dən, Bu sevinci alma mənim əlimdən!
Nəğmə qoşum tarixinə, yaşına, Həmdəm olum baharına, qışına. Qoy dolanım ana yurdun başına, Son ayrılıq, nə sən tələs, nə də mən, Bu sevinci alma mənim əlimdən!