Bu, sazdımı
Bu, sazdımı, ovsundumu, Telə bax, Allah, telə bax! Pərdə üstə dalğalanan, Tülə bax, Allah, tülə bax!
Bir dəlisov atdı, yenə, Yeri göyə qatdı, yenə. Haqqa çataçatdı, yenə, Zilə bax, Allah, zilə bax!
Uçan dağım, dərəm oldu, Yanan bəndim, bərəm oldu, Mahmud döndü Kərəm oldu, Külə bax, Allah, külə bax!
Nəfsi təzə, nəğməsi tər, Xan Əslinin düyməsi zər. Açılıbdı gümüş kəmər, Belə bax, Allah, belə bax!
Ürəyimi qan eyləyən, Bağrımı şan-şan eyləyən, Məni Zəlimxan eyləyən, Elə bax, Allah, elə bax!