Əsas məzmuna keç

Heca şeiri

Bu saz kimi

Zəlimxan Yaqub

1

Təpə-dırnaq dərd oluram, vərəm oluram, “Dilqəmi”yə qanad verən bir qəm oluram, Qərib olur, Məcnun olur, Kərəm oluram, Heç nə məni bu saz kimi oxuda bilmir.

Mən bu sazın dili kimi, əli kimiyəm, Hər xalında məcnunlaşan dəli kimiyəm. Mən bu sazdan yapışanda zəli kimiyəm, Heç nə məni bu saz kimi oxuda bilmir.

Ciyərimiz dərd adlanan bir şişdən keçib, Tilsimdəyik, tilsimimiz keşişdən keçib. Saz neyləsin, baxıram ki, iş işdən keçib, Heç nə məni bu saz kimi oxuda bilmir.

Çeşmə coşur, çay hönkürür, bulaq oxuyur, Könül dinir, dil tərpənir, dodaq oxuyur, Kökün şirin nəğməsini budaq oxuyur, Heç nə məni bu saz kimi oxuda bilmir.

Dumana bax, qəlbim onu qalxan ah bilər, Şah Xətai nələr çəkib, onu şah bilər. Bu saz nədi, bəndə bilməz, bir Allah bilər, Heç nə məni bu saz kimi oxuda bilmir.

Tanrı bizə bu dünyanı tamaşa verib, Eşq odunu gah ürəyə, gah başa verib. Heç kəs mənim dərdim ilə baş-başa verib, Bu saz kimi göz yaşları axıda bilmir, Heç nə məni bu saz kimi oxuda bilmir.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.