Əsas məzmuna keç

Qoşma

Bu saz

Zəlimxan Yaqub

1

Saza ağız büzən, dodaq çevirən, Ellərin danışan dilidir bu saz. Görüş təntənəli, həsrət ağrılı, Həyatın bəmidir, zilidir bu saz.

“Sarıtel” sevinci, “Mansırı” qəmi, “Şərili” çiçəkli dağlar aləmi. Bir “El havası” var, ləngərli gəmi, Gör neçə dalğanın gölüdür bu saz.

Hətəm səxavətli, Yusif camallı, Dönməz əqidəli, yüksək amallı, Bəzən Qurbanitək dərya kamallı, Bəzən Məcnun kimi dəlidir bu saz.

“Hicran Kərəmi”də qar alır fəsli, Ağlayıb Kərəmdən ayrılır Əsli. Tahir məhəbbətli, Zöhrə həvəsli, Sevginin odudur, külüdür bu saz.

Odu düşmənidir şaxtanın, buzun, Tamı qardaşıdır çörəyin, duzun. Yar deyib, yar gəzən şair Novruzun Qəndaba uzanan əlidir bu saz.

Xalları çəməndə bənzəyir şehə, Gülləri əl verib qarışır mehə. Aşıq Zərnigarı Aşıq Valehə, Çatdıran sevginin yoludur bu saz.

Onunla eyləyib sənətin şiri, Ələsgər Talıbı, Qurban Şəmşiri. Yüz dildə danışır pərdənin biri, Sənətkar qəminin selidir bu saz.

“Borçalı” havası mahalın səsi, Sevirəm bu səsdən doymayan kəsi. Bizim aşıqların sevgi nəğməsi, Bizim gözəllərin telidir bu saz...

1971, 18 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.