Əsas məzmuna keç

Heca şeiri

Bu qız gəlin olmağa hazırlaşır, deyəsən

Zəlimxan Yaqub

1

Elçi şirin çayını vaxtında içib gedib, Bəy gəlib gözəllərin gözünü seçib gedib. Fikri özündən qabaq atlanıb, köçüb gedib, Bu qız gəlin olmağa hazırlaşır, deyəsən.

Allahın sağ gözüylə baxdığı bir naxış var, İlahinin vurduğu min cür ilmə, naxış var. Evdə toy tədarükü, ehtiyat, yır-yığış var, Bu qız gəlin olmağa hazırlaşır, deyəsən.

Yerə-göyə sığışmır arzuların qanadı, Ömrü əlvan bir xalı, sevgisi bir xanadı. Hər gözəl bir gəlindi, hər gəlin bir anadı, Bu qız gəlin olmağa hazırlaşır, deyəsən.

Ruhunda bir layla var, dilində bir oxşama, Oxuyur öz içində hey səhərdən axşama. Necə yanır, əriyir, bax, səhərdən axşama, Bu qız gəlin olmağa hazırlaşır, deyəsən.

Fikrindən, xəyalından gündə yüz dilək keçir, Könlünə beşik düşür, meylindən bələk keçir. Bakirəlik həddini yenə bir mələk keçir, Bu qız gəlin olmağa hazırlaşır, deyəsən.

Sığallı bir sonadı, sonalığı mübarək, Xınayaxdı gecəsi xınalığı mübarək. Gəlinliyi mübarək, analığı mübarək, Bu qız gəlin olmağa hazırlaşır, deyəsən.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.