Bu qatarla mən gedəsi olmadım
Yox, deyəsən baş tutmadı bu səfər, Bu qatarla mən gedəsi olmadım. Tapılmadı könül açan bir nəfər, Bu qatarla mən gedəsi olmadım.
Xidmətçisi yetmiş ilin xəstəsi, Dilənçisi əl açmağın ustası. Meydan açıb lotuların dəstəsi, Bu qatarla mən gedəsi olmadım.
Ağıllıdan dəlisi çox bu yolun, Qan soranı, zəlisi çox bu yolun. Əlisi çox, Vəlisi çox bu yolun, Bu qatarla mən gedəsi olmadım.
Durduğu yer lap yarğanın qaşıymış, Bələdçisi nabələdmiş, naşıymış. Sürücüsü oğruların başıymış, Bu qatarla mən gedəsi olmadım.
Bu yollarda kim çapılar, kim çapar, Allah bilir, kim itirər, kim tapar. Bilet verən, biletini gəl apar, Bu qatarla mən gedəsi olmadım.