Əsas məzmuna keç

Heca şeiri

Bu nəhəng ağacı kim kəsib görən

Zəlimxan Yaqub

1

Budaqlar günəşin zərində idi, Kökləri neçə qat dərində idi, Dünyanın ən gözəl yerində idi, Bu nəhəng ağacı kim kəsib görən?

Becərmək, bəsləmək, yetirmək olmur, Həmişə dünyaya gətirmək olmur, İtirmək asandı, bitirmək olmur, Bu nəhəng ağacı kim kəsib görən?

Suyunu kəsdilər qurutmaq üçün, Sərdilər torpağa, çürütmək üçün, Acgöz mədələrdə əritmək üçün, Bu nəhəng ağacı kim kəsib görən?

Başıma min cürə xəyallar gəlir, Yadıma haramlar, halallar gəlir. Suallar dalınca suallar gəlir, Bu nəhəng ağacı kim kəsib görən?

Çalmağa öyrənmiş ilanlar desin, Talançılar desin, talanlar desin, Sapı özümüzdən olanlar desin, Bu nəhəng ağacı kim kəsib görən?

Dağlardan şığıyan tufan yıxmadı, Torpaqdan qabaran vulkan yıxmadı, Onu insan yıxdı, heyvan yıxmadı, Bu nəhəng ağacı kim kəsib görən? Bu nəhəng ağacı kim kəsib görən?

2006, 27 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.