Əsas məzmuna keç

Heca şeiri

Bu, mənim Borçalımdı

Zəlimxan Yaqub

1

Bu yeri xəlq edəndə sevgi üstə oxuyub, Yaradanın özü də çiçək ətri qoxuyub. Gör bu boyda xalını necə qurub, toxuyub, Yamyaşıl çəmənləri ipək tirməşalımdı, BU, MƏNİM BORÇALIMDI!

Bir yanı dağ çayları, bir yan aran yeridi, Çəkilən nərələrin dağlar yaran yeridi. Qorqudun, Koroğlunun haqqa varan yeridi, Kişnərtili köhlənim, od qoparan nalımdı, BU, MƏNİM BORÇALIMDI!

Başkeçid deyilən söz başda tacımız oldu, Qayası qardaşımız, gülü bacımız oldu. Sonu ağıya döndü, ağrı-acımız oldu, Ağı, zəhər qatılmış şərbətimdi, balımdı, BU, MƏNİM BORÇALIMDI!

Sınıq körpü bəlkə də sındırılmış ürəyi, Zalımların əliylə bıçaqlanıb kürəyi. Dar gündə, dar ayaqda oğullardı gərəyi, Şahə qalxan dövranım, yorğun düşən halımdı, BU, MƏNİM BORÇALIMDI!

Dərbənd kimi aralı, Təbriz kimi yaralı, Yarasından qan damır, kim vurub bu maralı? Taleyi bəd, bəxti kəm, günü ağlı-qaralı, Döyüşüm, mübarizəm, cəhlim, qeyli-qalımdı, BU, MƏNİM BORÇALIMDI!

Otuz ildi uçmuşam, gündə bir budaqdayam, Get-gəlim çox olsa da, gözündən uzaqdayam. Allah, necə dözürəm, daşam, yoxsa taxtayam, Sevgisində rəhmdil, həsrətində zalımdı, BU, MƏNİM BORÇALIMDI! Alnındakı yazılar naxışımdı, xalımdı, BU, MƏNİM BORÇALIMDI!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.