Əsas məzmuna keç

Heca şeiri

Bu kişi nə gözəl qocalıb, Allah!

Zəlimxan Yaqub

1

Mənim öz kökümdü bu boy, bu nəsil, Gözdə işığa bax, saçda qara bax! Tanrının qələmi çəkib, elə bil, Alnında açılan qırışlara bax! Başa hardan yağıb “bu ağlıqda qar”? Gözə hardan düşüb bu bolluqda nur? Nə zaman baxırsan, tərpənişindən Səadət tökülür, sevinc oxunur. Vurulub ilahi bir aydınlığa, Doyunca baxmamaq günahdır, günah, Bu kişi nə gözəl qocalıb, Allah!

Arzusu, xəyalı zirvələrlə tən, Ağır yerişindən yer ləngərlənir. Dünyanı bu qədər çox sevdiyindən Dünyanın başına dönür, hərlənir. Ömrünün sarayı elə yapılıb Zaman bir kərpici sala bilməyib. Torpaq sevgisini, həyat eşqini, Onun əllərindən ala bilməyib. Uğurla açılıb hər gələn sabah, Bu kişi nə gözəl qocalıb, Allah!

Şirin sözlərini can dərmanıtək, Şərbət əvəzinə nuş etmək olar. Böyük gözəlliyi duyanda ürək Ömrü ağ günlərə tuş etmək olar. Yorub yollarını, yoxuşlarını, Bu qoca dünyanı gözdən keçirib, Əlvan fəsillərin dərib barını, İllərin sayını yüzdən keçirib. Nə acı dil olub, nə artıq tamah, Bu kişi nə gözəl qocalıb, Allah!

Uzun qollarımı geniş açardım, Qəlbimi göylərtək gen eyləyərdim. Gün kimi aləmə işıq saçardım, Bütün günlərimi şən eyləyərdim. Qocalıq sözünü yaxına qoymaz, Könlüm yüz yaşda da cavan olardı. Soğulmaz bulağım, qurumaz arxım, Eşqim çaylar kimi rəvan olardı. Belə qocalsaydı bütün qocalar, Ömrümdə bir dəfə mən çəkməzdim ah, Bu kişi nə gözəl qocalıb, Allah!!!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.