Əsas məzmuna keç

Sərbəst şeir

Bu gün mənim ürəyim

Zəlimxan Yaqub

1

Bu gün mənim ürəyim dünyada bir dünyadı, Mövlananı tapan Şəmsdi, Şəmsi itirən Mövlanadı. Hacı Bəktaşın sığındığı guşədi, Dərvişin dərgahdan aldığı nəşədi. Yunusun gəzdiyi çöldü, Məcnunu dolaşdığı səhradı, Tahirin düşdüyü dəryadı. Kərəmin payına düşən küldü, Xançoban adında yanan könüldü. Koroğlunun çaldığı sazdı, Nigar xanıma Durna teli gətirən Eyvazdı. Bağdaddan gələn səsdi, Təbrizdən gələn nəfəsdi. Qəribi Tiflisdən Hələbə gətirən Xıdır İlyasın atıdı. Vaqifin vurulduğu gözəldi, Vidadinin dilindəki bayatıdı. Saranı aparan seldi, Qarşıda bir ordudu, arxada bir eldi. Füzulinin “Şəbi-hicran”ıdı, Şəhriyarın çağlayan ilhamı, ağrıyan canıdı. Bu gün mənim ürəyim Min illərin bağrından qopan, Sazın yaddaşına hopan, Özünü Dədə Qorqudda, Ələsgərdə tapan, Dədəsi Yunus kimi Sınıq könüllər yapan Canın içindəki ürəkdi, Ürəyin içindəki candı. Allah aşiqi, peyğəmbər vurğunu, İnsan pərvanəsi Zəlimxandı!

Yalta, 2010, 22 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.