Bu gün
Aləmin padişahı, Sən yetiş imdada bu gün; Naqafıl qarşımıza Çıxdı mələkzada bu gün; Göz gördü gül camalın, Könül içdi badə bu gün; Ürcah oldum kirpiyi ox, Qaşları cəllada bu gün; Can cəsəddən ayrılır, Gedir bu sevdada bu gün.
Ovçuyam, görməmişəm Belə bir sərxoş maralı; Tökülüb şahmar zülfü, Bürüyübdü qəddi dalı; Hüsndə Züleyxa tək, Loğmana bənzər kamalı; Solmasın gül irəngi, Pozulmasın bu cəlalı! Mələklər "amin" desin Ərşi-müəllada bu gün.
Bəzənib başdan-başa Əbrü atlaz, ala gözəl; Heratı ipək kalağay Örtüb qəddü dala gözəl; Dili şəkər, dişi inci, Dodaq batıb bala, gözəl! Allahı sevərsən, məni Salma qilü-qala, gözəl! Səni görcək dərdim artıb Olubdu ziyada bu gün.
Ətəkli gümüş kəmər Yaraşır incə belinə; Dəstinə şanə alıb, Nə sığal verir telinə; Mərifətdə yoxdu tayı, Afərin belə gəlinə; Yaşılbaş sonalar kimi Cumubdu eşqin gölünə; Bivəfalar əlindən Gəldim, axır, dada bu gün.
Ələsgərəm, mən deyirdim, Pərvanə afsana yanır; Şövqdən bir od düşüb Cismimə, mərdana yanır; Deyirəm, danışıram, Dönürəm hər yana, yanır; Ürəyim bir Kərəmə, Bir də Şeyx Sənana yanır; Qəlbdən yas tuturam Məcnuna, Fərhada bu gün.