Əsas məzmuna keç

Heca şeiri

Bu gecə yuxuma girmişdi Şuşa

Zəlimxan Yaqub

1

Bu gecə yuxuma girmişdi Şuşa, Cabbar ağlayırdı, Xan ağlayırdı. Dönmüşdü qanadı qırılmış quşa, Qarabağ başabaş qan ağlayırdı.

Uzadıb əlini Bakıya sarı, Batdıqca günaha batıb, – deyirdi. Vətən xainləri, yurd satqınları, Satın Qarabağı, satın, – deyirdi.

Canında od vardı, istilənirdi, Şuşanın dağları çəkirdi ahı. Seyidin qəlyanı tüstülənirdi, Zülfü oxuyurdu “Yetim segahı”.

Bu gecə yuxuma girmişdi Şuşa, Pənah xan qəzəbdən tir-tir əsirdi. Şuşanı satanlar verib baş-başa, Şəhərin üstündə qiymət kəsirdi.

Od tutub yanırdı Vaqifin goru, Natəvan ah çəkib ağı deyirdi. Usta toxunmuşdu hiylənin toru, Hələ ki, sözünü yağı deyirdi.

Vidadi Qazaxda qalxıb məzardan, Gəlirdi Vaqifin qəbrinə sarı. Qurtarın! – deyirdi milləti dardan, Qurtarın! – deyirdi bu torpaqları. Gözündə yaş gördüm, yanağında nəm, Cıdır düzündəki “Xarı bülbül”ün. Dərdin sinəsində dağlandı sinəm, Didərgin olmuşdu yarı bülbülün.

Ocaq yerlərində qaralırdı kül, İsa bulağından qan fışqırırdı. Susmuşdu Üzeyir, susmuşdu Bülbül, Düşmən, mənəm deyib boğaz cırırdı.

Bu gecə yuxuma girmişdi Şuşa, Cabbar ağlayırdı, Xan ağlayırdı. Dönmüşdü qanadı qırılmış quşa, Qarabağ başabaş qan ağlayırdı...

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.