Əsas məzmuna keç

Gəraylı

Bu gecə yazdığım şeir

Zəlimxan Yaqub

1

Fikirlərin naxışıdı, Duyğuların yağışıdı. Göyün yerə baxışıdı, Bu gecə yazdığım şeir.

Qayaların inadıdı, Qartalların qanadıdı. Külüngümün Fərhadıdı, Bu gecə yazdığım şeir.

Sözün barlı ağacıdı, Başın sevgidən tacıdı. Peyğəmbərin meracıdı, Bu gecə yazdığım şeir.

Ürəkdə nurdu, ziyadı, Sağlam ruh, halal mayadı. Pıçıltılı bir duadı, Bu gecə yazdığım şeir.

2002, 8 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.