Bu gecə bir qızın naz gecəsidi
Nə ağrı-acı var, nə bir dərd-azar, Nə dedi-qodu var, nə giley-güzar. Nə quyu qazan var, nə mərdimazar, Bu gecə ruhumun saz gecəsidi.
Səssizlik içində ilahi bir səs, Çırpınan bir könül, yanan bir nəfəs. Gəncliyi geriyə qaytarıb həvəs, Bu gecə ömrümün yaz gecəsidi.
Yanaq titrəyəydi, dodaq yanaydı, Zaman dayanaydı, vaxt uzanaydı. Sevənlər özünü tanrı sanaydı, Heyif ki, möhlətin az gecəsidi.
Dözdüm, bir zalımın qızına dözdüm, Gülü gec açılan yazına dözdüm. Məni öldürsə də, nazına dözdüm, Bu gecə bir qızın naz gecəsidi.
2000, 15 avqust