Bu dünyadan getdiyim gün
Öləndə də əl üzmərəm dünyadan, Məndən qalan bir səs, bir ün olaydı. Hansı yurda toxunsaydı ayağım, Orda coşan bir toy-düyün olaydı.
Şirin həyat ömrə-günə dad verir, Dərdi verən, gör, bir neçə qat verir. Vuruşlarda yeddi yerdən çat verir, Könül bütöv, ürək bütün olaydı.
Nur içində açılaydı hər sabah, Dan yerində yuyulaydı suç, günah. Bu dünyadan getdiyim gün, ay Allah, Bu dünyaya gəldiyim gün olaydı.
2000, 14 oktyabr