Əsas məzmuna keç

Gəraylı

Bu dağların

Zəlimxan Yaqub

1

Buz bulaqlar aynasıdı, Şüşəsidir bu dağların. Könülaçan göy çəməni, Meşəsidir bu dağların.

Hər yana açılar qolu, Gen sinəsi sözlə dolu. Çaxan şimşək, yağan dolu Nəşəsidir bu dağların.

Hey baxar yollara doğru, Yaman şeydi həsrət, ağrı. El gəlməsə, qara bağrı Bişəsidir bu dağların.

Asan deyil yaşa dolmaq, Min illəri yola salmaq. Qocalsa da, cavan qalmaq Peşəsidir bu dağların.

1977, 10 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.