Əsas məzmuna keç

Qəsidə

Bu bəhri-niylgun min mövc hər saət əyan eylər

Məhəmməd Füzuli

1

Bu bəhri-niylgun min mövc hər saət əyan eylər, Ülül-əbsarə bir-bir kəşfi-əsrari-nəhan eylər.

Nişani-kəsrəti-əşya dəmadəm əhli-təqlidə Rümuzi-nukteyi-tövhidi-Həq xatirnişan eylər.

Bəyani-macərayi-masələf hal əhlinə bir-bir Zəbani-halilən keyfiyyəti-qüdrət bəyan eylər.

Tənə’ümdə qürurü fəqrdə hirman şüar etmə Ki, hikmət bu iki halətdə xəlqi imtəhan eylər.

Verür fəqr içrə şükr əhlinə qədri-Musiyi-Imran, Tənə’üm içrə tərk əhlin Süleymani-zəman eylər.

Xoşa ol kim, bilib fəqri tənə’üm, mülki-dünyanın Yoxun eylər təsəvvür var, varın yox güman eylər.

Ziyanü sudini dəhrin fəna fəhm eyləyən arif, Həyatın sud sövdasilə sərf etsə, ziyan eylər.

Yamanlıq, yaxşılıq keyfiyyətin mə’lum edən aqil, Yamanlıq edənə yaxşılıq etməzsə, yaman eylər.

Fələk guya degil əhli-fərasət kim, fəna əhli Cəfasından onun peyvəstə fəryadü fəğan eylər.

Mən ondan istərəm tə’zimü təkrimü təvanalıq, Məni gün-gündən ol zarü zəifü natəvan eylər.

Tənimdə zə’fdən bir üstüxan qalmışdurur, gərdun Müdam ol üstüxani qəm xədənginə nişan eylər.

Nəçün kim xakidani-aləmi-süflidə adətdir, Kəmandar ox atan saət nişanın üstüxan eylər.

Irişməz kimsədən əhvalimə feyzi-nəzər, bəs kim Məni zə’fi-bədən daim nəzərlərdən nihan eylər.

Könül viranəsin mə’mur qılmaq qəsdinə çeşmim, Üzarim üstünə cədvəl çəkib sular rəvan eylər.

Bieyni öylə kim, cədvəl çəkib sular qılıb cari, Əmiri-kamiran viranə yerlər abadan eylər.

Məhi-övci-səxa Əlvənd bəg, k’ol mə’dələt pişə Ki, ədli hər zaman ruhi-Rəsuli şadman eylər.

Zəhi saleh ki, daim iqtidayi-əmri-mə’rufun Itaət əhlini asibi-duzəxdən zəman eylər.

Ona qılsın itaət buyruğiylən eyləsin taət, Qiyamət vəqti hər kim meyli-gülzari-cinan eylər.

Verir Qur’an yerinə sihhəti-taət əgər zahid, Nəmaz içrə duayi-dövləti virdi-zəban eylər.

Əgər tə’lim versə surəti-divarə əhli-dil, Qılıb kamil qamu mə’nidən onu nüktədan eylər.

Əya pakizə əxlaqü fələkqədrü mələksiyrət Ki, hər nakamə yetsə iltifatın kamiran eylər.

Bəhar əyyaminə gər feyzi-əxlaqın əsər salsa, Həvasini qılır canbəxşü əbrin dürfəşan eylər.

Xəzan fəslini gər təb’i-lətifin tərbiyət qılsa, Tökər altun vərəqlər, adını bərgi-xəzan eylər.

Kəmali-himmətin çün mülk tə’mirinədir sa’i, Qamu səhraləri, əlbəttə, bağü busitan eylər.

Bu gündən sonra qalmaz hiç viran mülk, heyranəm Ki, cüğd abad yerdən qaçsa xanda aşiyan eylər?

Bu gündən sonra səhralar olur mərdümnişin, ya Rəb, Əgər vəhşi gəlib ram olmasa, qanda məkan eylər?

Verir tə’mir mülki-bayirə barani-ehsanin, Nəçük kim, abi-Xızr əmvati həyyi-cavidan eylər.

Sənə taət yetər ancaq bu kim, daim həvadisdən Xəlayiq hifzini məhruseyi-əmnü əman eylər.

Xudavənda, sənə mənsubdur əhkami-şər’iyyə, Nəçük gərdun mənə dövründə cövri-bikəran eylər.

Nə heyf etdim ona kim, dönə-dönə heyf alır məndən, Nəsin öldürmüşəm kim, ləhzə-ləhzə qəsdi-can eylər?

Günahsız bağrımı qan eylədi caizmidir böylə? Rizayi-Həqq üçün bir sor ki, nahəq nişə qan eylər.

Füzulidən götürmə sayeyi-əltafü ehsanın, Kəmali-ədlini zikr ilə məşhuri-cəhan eylər.

Ümidim var kim, ta asimandır dövrlən dair, Sənin rə’yincə olsun dövrlər kim, asiman eylər.

* * *

Lüğət: Bəhri – bipayan – ucsuz-bucaqsız dəniz; Əsrari – nihan – gizli sirlər; Əhli – raz – sirr əhli, sirdaş; Zəban – dil; Hirman – məhrumiyyət; Qədr – dəyər, qiymət, məziyyət; Dəhr – zaman, dünya, aləm; Sud – fayda; Peyvəstə – arası kəsilmədən; Natəvan – gücsüz, zəif; Üstüxan – sümük; Gərdun – dönən; fələk; dünya; Kəmandar – ox atan; Mur – qarışqa; Rəvan – gedən; axan; ruh; Məhi – asimani-həşəmət – əzəmət göylərinin ayı; Övci – hüsn – gözəlliyin yüksək zirvəsi; Pişə – peşə; Asib – bəla, müsibət; Cinan – cənnət; Dil – ürək; Nüktədan – zərif adam, incəlikləri başa düşən; Canbəxş – ruh oxşayan; Əbri – neysan – neysan buludu; Təb – qızdırma; Bərgi – səmən – yasəmən yarpağı; Aşiyan – yuva; Qanda – harada; Baran – yağış; Abi – rəvan – axar su, çay; Əmvat – ölülər; Həvadis – hadisələr; Əhkam – hökmlər; Gərd – toz; Can – ruh, bədən; Əltaf – lütflər, mərhəmətlər

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.