Əsas məzmuna keç

Heca şeiri

Bu axşamı sən gətirdin

Zəlimxan Yaqub

1

Ömrümüzün səhərləri, axşamları çox, Çiçək-çiçək ulduzları, ağ şamları çox. Axşamlara işıq verən adamları çox, Bu axşamı sən gətirdin mənim ömrümə.

Bara döndü, budaqları əydi bu axşam, Min səhərin ləzzətinə dəydi bu axşam. Bir gözələ könül vermiş bəydi bu axşam, Bu axşamı sən gətirdin mənim ömrümə.

Arı qonar, çiçəklərin şəhdini əmər, Bahar adlı fəslə çatar muştuluq, nəmər. Barmağında üzük oldum, belində kəmər, Bu axşamı sən gətirdin mənim ömrümə.

Qara saçlar, qara tellər, qara hörüklər, Bir dəmirçi kürəsitək qəlbi körüklər. Qəlbə hopar, qana keçər, cana yeriklər, Bu axşamı sən gətirdin mənim ömrümə.

Suyu duru, havası saf, çeşməsi sərin, Sözü şəkər, söhbəti bal, sevgisi dərin. Kölgəsində sığınmışıq gözəlliklərin, Bu axşamı sən gətirdin mənim ömrümə.

At oxunu, qaşlarının yayı çox olsun, Səni verən Yaradanın payı çox olsun, Belə-belə axşamların sayı çox olsun, Bu axşamı sən gətirdin mənim ömrümə.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.