Əsas məzmuna keç

Qoşma

Bu axşam

Zəlimxan Yaqub

1

Nə sözüm tükənir, nə dilim susur, Vergimi veriblər mənə bu axşam? Gözümün önündən gözəllər keçib, Gəlmişəm imana, dinə bu axşam.

Boylanmaq olmur ki, oba var, el var, Gözümdə yağış var, qəlbimdə sel var. Bir hovuz yanında qırx incəbel var, Od tutub alışır sinə bu axşam.

Ruhum saza dönüb, ürəyim neyə, Qorxuram ayrılıq xətrimə dəyə. Fikir dağlarında tikmişəm dəyə, Qurmuşam özümə binə bu axşam.

Sevgidən, ilhamdan yoğrular maya, Kövrələr gül-çiçək, məst olar qaya. Bir şeir süzülüb gələr dünyaya, Bir şair doğular yenə bu axşam.

2002, 6 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.