Bu aləmdən gözəl bir aləmim yox
Məni aləmimdən ayırma, qardaş, Bu aləmdən gözəl bir aləmim yox. Yaratmaqdan başqa, yazmaqdan özgə, Bir dərdim, sevincim, bir ələmim yox.
Əridim, hər dəfə əriyəndə şam, Yandım da, bişdim də, yaşamadım xam. Sərvətim bir sazdı, bir halal ilham, İtən karvanım yox, batan gəmim yox.
Nə bərkdə təntiyər, nə boşda azar, Onu udmaz ölüm, çürütməz məzar. Nə yazsa haqq yazar, həqiqət yazar, Boş yazan, çaş yazan, bil, qələmim yox.
2006, 13 avqust