Bu ağacın bar gətirən vaxtıdı
Torpaq diri, toxum sağlam, yer sulu, Bu ağacın bar gətirən vaxtıdı. Bağ arzuda, bağban murad üstədi, Bu ağacın bar gətirən vaxtıdı.
Arıya bax, öpür gülün üzündən, Çiçəyə bax, sevgi yağır gözündən. Doymaq olmur nəğməsindən, sözündən, Bu ağacın bar gətirən vaxtıdı.
Göz oxşayır ləçəklərin xumarı, İnsan əli budaqların tumarı. Havalıdı, tutub sevgi damarı, Bu ağacın bar gətirən vaxtıdı.
Toxumuna, özəyinə dad verib, Kökünə su, budağına od verib. Ana torpaq döşlərindən süd verib, Bu ağacın bar gətirən vaxtıdı.
Hər çiçəyin bar verməyə cəhdi var, Barı varsa, şirəsi var, şəhdi var. Bu payızla ilqarı var, əhdi var, Bu ağacın bar gətirən vaxtıdı.
2004, 19 avqust