Əsas məzmuna keç

Heca şeiri

Böyütdüm içimdə misralarımı

Zəlimxan Yaqub

1

Güc verib, can verib, təravət verib, Köklər budaqları böyüdən kimi, Dözüb ağrısına, əziyyətinə, Ana uşaqları böyüdən kimi, Böyütdüm içimdə misralarımı.

Oğul böyüdəntək, qız böyüdəntək, Bir qız duruşunda naz böyüdəntək, Körpə şitilləri yaz böyüdəntək, Böyütdüm içimdə misralarımı.

Ürəyim tarladı, düşüncəm zəmi, Su verdim, od verdim, sözü böyütdüm. Sözdən bu dünyaya baxan, boylanan, Baxışı böyütdüm, gözü böyütdüm, Böyütdüm içimdə misralarımı.

Qurddan xilas etdim, quşdan qorudum, Arxadan atılan daşdan qorudum. Şaxtadan saxladım, qışdan qorudum, Böyütdüm içimdə misralarımı.

Qəfil qulağıma bir səda dəydi: – Özün böyüməsən sözün böyüməz. Əvvəlcə özünü böyütməlisən, Çıxıb genişliyə, qalxıb zirvəyə, Dağını, düzünü böyütməlisən. Yollara döndərib dar cığırları, Yeriyib, izini böyütməlisən. Gördükcə düşündüm, gəzdikcə yazdım, Böyütdüm içimdə misralarımı.

Bir qələm, bir dəftər, bir şam, bir də mən, Bir ümid, bir sevgi, ilham, bir də mən. Nə səpdim, nə əkdim, bir Allah bilir, Gündüzlər qovruldum axşama qədər, Gecələr nə çəkdim bir Allah bilir. Səpdim duyğuları sətirlərimə, Böyütdüm içimdə misralarımı.

2000, 11 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.