Böyük ziyarət
Türkün böyük oğlu, böyük övladı, Bir yay axşamında evinə gəldim. Dahilər tanıdır ünvanı, anı, Yurduna sevinə-sevinə gəldim.
Ey Krım türkünün sevinci, yası, Ey dünya türkünün fikir babası, Bizi bir olmağa çağıran kişi, Həmfikir olmağa çağıran kişi.
İslamım, imanım, Türküm, Turanım, Misirdə, Qafqazda, Anadoluda, Qədim Türküstanda, doğma Krımda Məktəb yaradanım, meydan quranım. Canda nəfəs olan, ruhda can olan, Şah sözü, şah fikri “Tərcüman” olan, Boyuna ucalıq biçilən kişi. Haqqın nəzərində, xalqın yanında, Sayılan, sevilən, seçilən kişi. Zərdabi yurdundan salam gətirib Eşqinə pərvanə bir insan gəlib. Gətirib ruhunu Azərbaycanın, Mehmanın olmağa Zəlimxan gəlib.
Əyləşdiyin masa, yazdığın qələm, Oxuduğun kitab ziyarətimdi. Böyük bir millətin haqqı yolunda, Çəkdiyin iztirab ziyarətimdi.
Əllərin toxunan, nəfəsin dəyən, Gözlərin oxşayan, ürəyin deyən, Nə varsa hamısı ziyarətimdi. Bir qəlbin qeyrəti, fədakarlığı, Bir xalqın namusu ziyarətimdi.
Qısa görünərdi boyu millətin, Uca oğulları boy atmasaydı. Mürgülü başları silkələməsə, Yatanı vaxtında oyatmasaydı.
Harda yuva salıb, harda kök atıb, Əsliniz, soyunuz ziyarətimdi. Bizim qəlbimizdə, yaddaşımızda, Ucalan boyunuz ziyarətimdi.
Can atdım tarixin qədim yaşına, Sən çıxan zirvəni saxlayammadım. Üzümü sürtəndə qəbir daşına, Gözümün yaşını saxlayammadım.
Tarix qiymət verər, zaman yaşadar, Harda olur olsun haqq oğlu haqdı. Bu gün mənim üçün bir təsəlli var: Məzarın ziyarət, evin ocaqdı.
Krım, Bağçasaray, 2010, 15 iyun