Əsas məzmuna keç

Heca şeiri

Böyük qəhrəmanlıq

Zəlimxan Yaqub

2

Anam Azərbaycanım! Dayanma məzlum, fağır, Məzlumların başına göydən od-alov yağır. Bütün oğullarını səslə, döyüşə çağır, Bir göz qırpımı belə, qiymətli an deməkdir, Tökülən hər damla qan bir həyəcan deməkdir, Bu gün döyüş meydanı Azərbaycan deməkdir. Yaxşılara yaxşı ol, yaman ol yamanlığa, Ana Vətən, hazır ol böyük qəhrəmanlığa!

Səni tora salmağa neçə tor hazırlanır, Hazırlanır, özü də necə zor hazırlanır, Neçə alçaq, başkəsən, gorbagor hazırlanır. Bərədə pusqu quran ovçulara ov olma, İştahlı gedənlərə yağlanan plov olma, Özün öz əllərinlə özünə buxov olma, Aydınlığa çıxanı çəkirlər qaranlığa, Ana Vətən, hazırlaş böyük qəhrəmanlığa!

Yuxun gəlməmək üçün daşları balınc eylə, İnadını itilə, kəskin bir qılınc eylə. Sənə gülmək istəyən düşməni gülünc eylə, Heç kəsə ümid olma, özün al qisasını, Özün sevincə döndər könüllərin yasını, Od vurub yandırdılar igidlərin xasını. Kövşənin külə döndü, sünbülün samanlığa, Ana Vətən, hazırlaş böyük qəhrəmanlığa!

Ağıl – düşmən qəlbinə sərrast dəyən güllədir, Mərdlik – düşmən üzünə tərs açılan şillədir, Milləti qaldırmağa hər tabut bir pillədir! Sən baxma ki, bəxtinə şər dalınca şər çıxır, Bir ölənin yerinə meydana min ər çıxır, Böyük xalqın yoluna böyük ölümlər çıxır! Bu ölməz həqiqəti düşün bircə anlığa, Ana Vətən, hazırlaş böyük qəhrəmanlığa!!!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.