Boş qalan evlərə
Asılıb sinəmdən ağır daş kimi, Yerində quruca daş qalan evlər. İtirib özünü çaxnaşmalarda, Qalıb baxa-baxa çaş qalan evlər.
Qapı qıfılların pası içində, Pəncərə sükutun yası içində. Bir zaman çalxandı qan-su içində, Bu gün otaq-otaq boş qalan evlər.
Sonsuz ağrıların gücündən çökür, Elin dəstə-dəstə köçündən çökür. İçindən ağlayır, içindən çökür, Quruyub gözündə yaş qalan evlər.
Ocaqlar alışmır qız sevgisindən, Divarlar titrəmir saz sevgisindən. Üzüb əllərimi yaz sevgisindən, Qoynunda əbədi qış qalan evlər.
Atamın məzarı, babamın goru, Qışqırır “bu yurdu təklikdən qoru”. Basıbsa hər yanı hörümçək toru, Olarmı başında huş qalan evlər.
İtən bir mahalın haqqı-sayıdı, İçimdə dərd yükü, qəm harayıdı. Dağılan xan yurdu, şah sarayıdı, Orta dirəyində quş qalan evlər.
2003, 13 oktyabr