Borçalıyla Azərbaycan arasında
O elimdi, o kəndimdi, bu şəhərim, O həsrətim, bu sevincim, bu qəhərim, Bəlli deyil nə axşamım, nə səhərim, Mən qalmışam axşamla dan arasında.
Üfüqlərdə o bir qartal, mən bir lələk, Zirvələrdə o bir qaya, mən bir çiçək. Yaralıyıq – o bir candı, mən bir ürək, Yaşayırıq ürəklə can arasında.
Bədən birdi, ət dırnaqdan ayrı deyil, Torpaq birdi, kök budaqdan ayrı deyil. O məmləkət bu torpaqdan ayrı deyil, Ayrı nə var ürəklə can arasında.
Biz bilirik təklənməyin əzabı nə, Biz dözürük ayrılığın əzabına. Biz gəlmişik şahın, xanın qəzəbinə, Dava düşüb xalq ilə xan arasında.
Qürbət ellər gözümüzün qıpıq yeri, Kimsəsizlər bağrımızın yanıq yeri, Sınıq körpü könlümüzün sınıq yeri, Hökm oxunub saatla an arasında.
Duyğularım enər bəmə, qalxar zilə, Bu yollarda dərdim düşüb dildən-dilə. Bir ömürdü, əridirəm gilə-gilə, Borçalıyla Azərbaycan arasında!
2001, 6 mart