Əsas məzmuna keç

Heca şeiri

Borçalı lövhələri

Zəlimxan Yaqub

1

Gəzirəm, gəzdikcə ürək deyir yaz, Düşün, təsvir eylə gördüklərini. Ürək hökm edəndə yazmasam olmaz, Gərək axıdasan alın tərini.

Yollar kənarında söyüdlər, şamlar, Baş-başa dayanıb, cərgə-cərgədi. Burda çox füsunkar olur axşamlar, Hər ağac kölgəsi bir düşərgədi.

Hücuma başlayan qəhrəman kimi, Yazda nərə çəkib coşanda Xram, Min bir hava çalır qəlbimin simi, Mən də çağlayıram, mən də axıram.

Sadaxlı, Qaçağan keçir gözümdən, Baxdıqca hər yana, nələr görürəm. Hər daşı, torpağı seyr edirəm mən, Elə bil kənd deyil, şəhər görürəm.

Şairə, rəssama istedad verir, Kim olmaz bu yerin hüsnünə heyran. İnsanın eşqinə qol-qanad verir, Qayalarda kəklik, düzlərdə ceyran.

Gəzib-dolanıram doğma Vətəni, Dağlar əlçatmazdı, dərələr dərin. Hər qaya özünə cəzb edir məni, Bura beşiyidi gözəlliklərin.

1968, 10 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.