Əsas məzmuna keç

Heca şeiri

Borçalı ilə deyişmə

Zəlimxan Yaqub

1

Borçalı:

Gözüm yolda, könlüm səsdə qalıbdı, Görünmürsən, sən hayana çəkildin? Nə qürbətdə qərar tutdun, nə burda, Gah o yana, gah bu yana çəkildin.

Bir müxənnət ürəyimə ox atdı, Ara yerdə düşdüm qana, çəkildim. Ovxarımı, kəsərimi aldılar, Qılınc kimi yatdım qına, çəkildim.

Çəmənlikdən silinməyib izlərin, Qayalara çox toxunub dizlərin. Gözlərini yolda qoyub düzlərin, Gedib hansı biyabana çəkildin?

Ağlatdılar, küsdürdülər, küsdülər, Gözlərimi kor eylədi tüstülər. Eldən gedən öz canına qəsd eylər, Öz canımı saldım qana, çəkildim.

Nə inildə, nə sızılda, nə zarı, Oğulların yoxdu behi-bazarı. Sən getmisən, mən çəkirəm azarı, Məni qoydun, şöhrət-şana çəkildin.

Zəlimxan:

Məhəbbət sən, mərhəmət sən, kərəm sən, Ərzurumda qara batmış Kərəmsən. Əlli ildi ürəyimdə vərəmsən, Bağrım oldu şana-şana, çəkildim.

Borçalı:

Gözəllərin sirdaşıydın, yarıydın, Dağın gülü, zirvələrin qarıydın. Hər gün mənə bal gətirən arıydın, Uçub getdin, özgə şana çəkildin.

Zəlimxan:

Heç nə çıxmır döyüşümdən, davamdan, Qan tökülür rüzgarımdan, havamdan. Özbaşına ayrılmadım yuvamdan, Tüstüləndim, yana-yana çəkildim.

Borçalı:

Çox toxumlar göyərmədi, bitmədi, Çox bülbüllər oxumadı, ötmədi. Borçalıtək dünya sənə yetmədi, Ad axtardın, ada-sana çəkildin.

Zəlimxan:

Yarpaq tökdüm qara yellər əsəndə, Dözəmmədim qəm qarşımı kəsəndə. Çölümdəki Zəlimxandan küsəndə, İçimdəki Zəlimxana çəkildim.

2005, 8 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.