Əsas məzmuna keç

Qoşma

Borçalı harda yerləşir

Zəlimxan Yaqub

1
Bu sualı verən nadürüstə cavab

Arzumuzun nübarında yaşayır, Könlümüzün qubarında yaşayır, Əlimizin qabarında yaşayır, Alnımızın tərindədi Borçalı!

Can odu var ocağında, külündə, Göz nuru var günəş öpən gülündə. Çəmənlərin məxmərində, tülündə, Çiçəklərin zərindədi Borçalı!

Qoca gördüm, saçlarına qar dedim, Könül verdim, gözəlinə yar dedim. Yer üzündə səkkiz cənnət var dedim, O cənnətin birindədi Borçalı!

Taleyində bir qıcanmış diş görür, Sinəsini güllələrə tuş görür. Qazan asır, ocaq çatır, iş görür, Xeyrindədi, şərindədi Borçalı!

Beyni kütə, ağlı aza görünməz, O bir dərddi, kefi saza görünməz, Hər naşıya, hər dayaza görünməz, Könlümə bax, dərindədi Borçalı!

Həm özünə, həm adına qurbanam, Həm duzuna, həm dadına qurbanam. Neçə-neçə Fərhadına qurbanam, Neçə-neçə Şirindədi Borçalı!

Nə bir alçaq, nə bir yağı tərpədər, Nə bir kökü, nə bir tağı tərpədər, Bir nərəsi yeddi dağı tərpədər, Tərpənməyib, yerindədi Borçalı!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.