Borçalı deyilən
Adəmdimi, Həvvadımı, Nuhdumu, Ürəkdimi, nəfəsdimi, ruhdumu, Ağrıdımı, acıdımı, ahdımı, Kimdi günü göy əsgiyə düyülən? Nəymiş, Allah, bu Borçalı deyilən?!
Neçə dəfə dəyişdilər adını, Bircə dəfə dəyişmədi dadını. Dosta verdi ürəyinin odunu, Dost dilində əzizlənən, öyülən, Nəymiş, Allah, bu Borçalı deyilən?!
Zəhərdimi, şəkərdimi, baldımı? Sığaldımı, naxışdımı, xaldımı? Dillidimi, dilsizdimi, laldımı? Təhqir olan, yad dilində söyülən, Nəymiş, Allah, bu Borçalı deyilən?!
Palıd kimi tufanlarda öc olan, Qüvvət kimi qolumuzda güc olan, Papaq kimi başımızda tac olan, Zireh kimi əynimizə geyilən – Nəymiş, Allah, bu Borçalı deyilən?!
Təbriz kimi həmi yaxın, həmi yad, Dərbənd kimi həmi qəmli, həmi şad, Göyçə kimi harayına yox imdad, Haqqı-sayı tikə-tikə yeyilən – Nəymiş, Allah, bu Borçalı deyilən?!
Saya gəlməz qayğılarla yüklənən, Telli sazı qəm üstündə köklənən, Yağıların meydanında təklənən, Bədbəxtliyi görkəmindən duyulan – Nəymiş, Allah, bu Borçalı deyilən?!
Yaddan çıxıb yaxşılığı, yeyliyi, Əldən gedib sultanlığı, bəyliyi, Götürəmmir gədəliyi, səyliyi, Düşmənidi düşmənlərə əyilən, Nəymiş, Allah, bu Borçalı deyilən?!
İçimizdən qalxan ahmı günahkar? Adil şahmı, Nadir şahmı günahkar? Yüz bəndəmi, bir Allahmı günahkar? Heç bilmirəm kimdi döyən, döyülən, Nəymiş, Allah, bu Borçalı deyilən?!
Aranında əl-ayağı kəsilən, Yaylağında bəndi-bağı kəsilən, Bir gün solu, bir gün sağı kəsilən, Damar-damar dabanından soyulan, Nəymiş, Allah, bu Borçalı deyilən?!
Loğma-loğma yad ağzına atılan, Parça-parça satqınlara satılan, Qarış-qarış özgələrə qatılan, Unudulan, sol əl ilə tutulan, Yolu-izi göz yaşıyla yuyulan – Nəymiş, Allah, bu Borçalı deyilən?!
Həsrətinə kim batmaya, kim bata, Harayına kim çatmaya, kim çata, Qovğasında kim ayıla, kim yata, Yatan bilmir nələr çəkib ayılan, Nəymiş, Allah, bu Borçalı deyilən?!
Övladını kişi gördüm, mərd gördüm, Mərdlərində dağlar boyda dərd gördüm, Dərd çəkəni qaya kimi sərt gördüm, Aman Allah! Nə bəlalı yurd gördüm, Nəymiş, Allah, bu Borçalı deyilən?!
Yaraları göz-göz olan, sulanan, Duru gözü çalxalanan, bulanan, Suymuş, Allah, bu Borçalı deyilən, Buymuş, Allah, bu Borçalı deyilən!!!