Borçalı
Sənin müqəddəs adın başımın qızıl tacı, Baş qoyub ayağına gəlirəm, ay Borçalı. Qürbət mənə heç nə yox, acı göz yaşı verdi, Mən onu dəftərimdən silirəm, ay Borçalı.
Sənə sarı gələndə haqq evinə varmışam, Dünyanın hər yerinə səndən eşq aparmışam. Dağdan ağır dərdləri parça-parça yarmışam, Mən Fərhadam, dərd qaya dəlirəm, ay Borçalı.
Bəxtin tükdən asıldı, taleyin darda qaldı, Dondu çox arzuların, boranda, qarda qaldı. Gedənlərin dalınca gözün yollarda qaldı, Başın gör nələr çəkib, bilirəm, ay Borçalı.
Həyat eşqin sönməsin, ocağı, piri qalsın, Dodaqlarda saz-sözü, ürəkdə yeri qalsın. Təki sənin varlığın əbədi diri qalsın, Qəm yemə şair desə ölürəm, ay Borçalı.
2011, 25 may Almaniya, Hannover