Əsas məzmuna keç

Heca şeiri

Borçalı

Zəlimxan Yaqub

1

Qucağında göz açmışam bu işıqlı dünyaya, İşığa dön, başdan-başa, nura boyan, Borçalı! Hikmətindən, söhbətindən, duruşundan doymuram, Tapılarmı yer üzündə səndən doyan, Borçalı!

Qollarını gəlişimə bağ açandı, dağ açan, “Can!” demişəm, hər görəndə arana “can!”, dağa “can!” Şair Nəbi, Aşıq Şenlik, Xındı Məmməd, Ağacan, Kimlər olub səni sevən, səni duyan, Borçalı!

Ucalığım zilindədir, dərinliyim pəsində, Biganəlik görməmişəm, hələ bircə kəsində. Xan Əmrahın, Kamandarın, Saraçlının səsində, Öz eşqini dal-dalğa ərzə yayan Borçalı!

Yaylaqları gəl-gəl deyən Başkeçidim başdadı, Saflığımız çiçəklərin gözündəki yaşdadı. Əyriqarım, Ağlağanım Nuhla eyni yaşdadı, Tarixiylə tarixlərdə nişan qoyan Borçalı!

“Sürün!” desən, səndən ötrü dizin-dizin sürünnəm, “Bürün!” desən, şad günündə gül-çiçəyə bürünnəm, “Görün!” desən, qartal kimi zirvələrdə görünnəm, Səsim olar dağ başında sənə həyan, Borçalı!

Mən qoymaram, toyun, yasın nəzərimdən yayına, Çağırmamış yetişərəm harayına, hayına, Qoşularam bulağına, qarışaram çayına, Unudulmaz el yolunda ömür qoyan, Borçalı!

İnamında dəmir, polad, dözümündə daş-qaya, Zatında bir yenilməzlik, südündə halal maya. Neçə-neçə Nərimanlar gətirəcək dünyaya, Nərimanı öz başının tacı sayan Borçalı!

Torpağında Rəşid kimi pəhləvanın gücü var, Dağlarında igidlərin qalası var, bürcü var. Övlad kimi Zəlimxanın hələ sənə borcu var, Öz yerində ağır əyləş, möhkəm dayan, Borçalı!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.