Əsas məzmuna keç

Qoşma

Borc alaram

Zəlimxan Yaqub

1

Baxışların şölə salsın üstümə, Üzdən gülmə, ürəkdən gül, ürəkdən. Ömrüm-günüm sevincinlə bəzənsə, Qorxum olmaz qasırğadan, küləkdən.

Gözü nurlu, qəlbi təmiz olanda, Ağlı dərya, eşqi dəniz olanda, Canan gəlib candan əziz olanda, Seçəmmirəm mən insanı mələkdən.

Yaraşıqdı gün bahara, gün yaya, Çay yaranıb dağa-daşa ün yaya. Matəm üçün gəlməmişəm dünyaya, Sevinc üçün açılmışam bələkdən.

Nemətimiz şirin-şirin yeyilsin, Bar altında bucağımız əyilsin, Elə yaşa, sən köçəndə deyilsin, Saray yapdı xoş arzudan, diləkdən.

Günəş ollam, sürünmərəm çən kimi, Üyünmərəm dəyirmanda dən kimi. Ölərəmmi, məni duysan mən kimi, Bir ömür də borc alaram fələkdən!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.